Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında birinci kurslarla tanışlıq görüşləri keçirilib

Gömrük Akademiyasında birinci kurslarla tanışlıq görüşləri keçirilib

2020/2021-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olan birinci kurs tələbələri ilə tanışlıq görüşləri təşkil olunub. Bu məqsədlə Akademiyada 5 əyani görüş keçirilib. Həmçinin ölkəmizdə mövcud durumla bağlı Akademiyaya gələ bilməyən birinci kurslar üçün onlayn görüş təşkil olunub.

Görüşlərin əsas məqsədi yeni qəbul olan tələbələrin Akademiya ilə tanışlığını təmin etmək, tədris prosesi, əyani və ya onlayn dərslərin təşkili, Teams proqramı, ümumiyyətlə, ali təhsil pilləsi ilə bağlı ilkin məlumatların verilməsi olub.

Ölkəmizdə pandemiya ilə əlaqədar tövsiyə olunan bütün sanitariya-epidemioloji şərtlərə riayət olunmaqla təşkil olunan görüşlər, əsasən, açıq havada, ara məsafəsi gözlənilməklə təşkil olunub.

Akademiya rəisi Qulu Novruzovun iştirakı ilə keçirilən görüşlərdə həmçinin, rəis müavinləri, şöbə rəisləri, kafedra müdirləri iştirak ediblər. Görüşlərdə öncə Azərbaycanın ərazi bütövlüyünün və torpaqlarımızın azadlığı uğrunda canından keçərək  şəhidlik zirvəsinə ucalmış bütün igid oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademiya rəisi Qulu Novruzov bu günlərdə ölkəmizdə mühüm tarixi hadisələrin baş verdiyini, sentyabrın 27-dən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız uğrunda Vətən müharibəsi aparıldığını bildirib. Akademiya rəisi xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, müzəffər Azərbaycan Ordusunun işğal altda olan bütün torpaqlarımızı tez bir zamanda işğalçılardan azad edəcəyinə əminliyini ifadə edib.

Görüşlərdə tələbələrə Akademiya haqda, şöbələr və kafedraların fəaliyyəti, tələbələrin gələcəkdə raslaşacağı məsələlərlə bağlı məlumatlar verilib.

Tələbələrə Microsoft Teams proqramı, bu proqram ilə bağlı qeydiyyatdan keçmə, onlayn dərslərdə iştirak etmə, müəllimlərin proqrama yüklədiyi materialları əldə etmə və s. informasiyalar əyani şəkildə izah olunub.

Sonda görüş iştirakçıları kiçik qruplara bölünərək Akademiyanın auditoriyaları, imtahan otaqları, kitabxanası, laboratoriyaları, yeməkxanası, idman meydançası və digər infrastrukturlarla yaxından tanış olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi